Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.

Unikal.org xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, bu barədə müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.

Dövlət Komissiyası qeyd edir ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır və bu beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir: "Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, 29 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfdən alınması ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür. Proseslə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Bununla yanaşı bildiririk ki, baş vermiş hadisə zamanı Ermənistan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətsizlik nümayiş etdirdiyini bir daha əyani şəkildə göstərərək, döyüşdə həlak olmuş Azərbaycan hərbçisinin meyitinin fotolarını bu ölkəyə məxsus KİV-lərdə və sosial şəbəkələrdə yaymış, Azərbaycan xalqının və həlak olmuş əsgərin ünvanına təhqiramiz ifadələr işlətmişdir. Bu hərəkətləri ilə Ermənistan tərəfi baş vermiş hadisədən yenidən öz çirkin niyyətləri üçün yararlanmağa cəhd etmiş, qeyri-humanist simasını aşkar ifadə etmişdir. Bu addım Ermənistanın da qoşulduğu 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır. Bildiririk ki, beynəlxalq hüquqa zidd olan bu hərəkətlərə görə, bütün məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşür.