Biləsuvar rayonunda baş verən qətlin bir deyil, iki nəfər tərəfindən törədildiyi məlum olub.
Unikal.org-un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Nabil Rəhmanovu bıçaqla qətlə yetirdiyinə görə dekabrın 26-da tutulmuş Dilarə Orucəliyevanın hadisəni qardaşı Hadi ilə birgə törətməsi müəyyən edilib və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hadi Orucəliyev tutulub.
Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Yardımlı rayonunun Alar kəndində olan Nabil Rəhmanov səhər tezdən mal-qaranı otarmaq üçün evdən ayrılıb. Günorta saatlarında onun evə qayıtmadığını görən yaxınları Nabili axtarmağa başlayıblar. 28 yaşlı gəncin cansız bədəni qonşuluqdakı çobanın həyətində aşkar olunub.