Verilişin çəkiliş qrupu özlərini polis kimi təqdim edərək, üzərində "Evi 1 saat içində boşaldın, dağıdılma haqqında əmr var" sözləri yazılmış saxta orderlə Karacanın İstanbuldakı villasına gəlib. Gözlənilməz "əmr" müğənnini şoka salıb. Hətta həyat yoldaşı Toğrul Odabaşını, vəkili və ailəsini axtarması zamanı kimsədən cavab ala bilməməsi nəticəsində ifaçı əsəbləşib.
Sonradan bunun bir efir zarafatı olduğunu öyrəndikdə, müğənni güclə özünə gəlib.
İşinə əsas şok bir ay sonra ev sahibindən gəlib. Ev sahibi sənətçiyə: "Evi boşaldın, satmağa qərar verdim", -deyib. Villanı əvvəl satın almaq istəyən Karaca 750 min dollar dəyərindəki evin qiymətinin 1 milyon 250 min dollara qalxdığını öyrənib. Səbəbini soruşduqda isə ona "Sizin evin dəyəri zarafat proqramından sonra artıb" cavabı verilib.
İfaçı baha satışa çıxarılan həmin evdən imtina edərək, Anadoluda ev kirayəyə götürmək məcburiyyətində qalıb.