Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 34 dəfə pozub.

Müdafiə Nazirliyindən unikal.org-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Qızılhacılı kəndlərində, Berd rayonunun Ayqepar, Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə və Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xatırladaq ki, fevralın 7-də saat 16.55-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub.
Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələrinin mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddüyü ehtimal olunur. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edilir.
Videoda bölmələrimiz tərəfindən erməni diversiya qrupuna atəş açılması, dəstə üzvlərinin panika içində qaçmaları, ölən və yaralıların avtomobilə daşınması, eləcə də hərbi nəqliyyat vasitəsinin məhv edilməsi anı müşahidə olunur.