Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Kənan Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı qərarl elan edən zaman bildirib ki, təqsirləndirilən K.Qasımov atasını anlaqsız vəziyyətdə öldürüb.
K.Qasımov elan olunmuş qərar üzrə özünü təqsirli bildiyini söyləyib.
Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib. O, hadisəni ailə münasibətlərin pozulması nəticəsində törətdiyini etiraf edib: "Peşmanam, özümü günahkar hesab edirəm".
K.Qasımov hərbi liseydən öz istəyi ilə çıxdığını deyib: "Oranın rejiminə dözə bilmirdim. İbadətlə məşğul idim. Hadisə zamanı isə atamla mübahisəmiz oldu. Onu öldürməklə hədələnmişdim. Ona görə də evdə bıçaqları gizləndirdilər. Hadisədən bir gün əvvəl anamla mübahisə etmişdim. Həmin gün atam üstümə qışqırmışdı. Evə girdim. Şkafdan bıçağı götürdüm. Atam üzü üstdə uzanmışdı. Uzandığı yerdə bir dəfə səsləndim, daha sonra ona bir dəfə zərbə endirdim".
Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin edilib.
Qeyd edək ki, hadisə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Həmin ünvanda yaşayan Gədəbəy rayon sakini 17 yaşlı K.Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub.
İlkin məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl pisxoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu evləndirmək istəyib. O isə atasına evlənməyəcəyini bildirib. Q.Qasımov isə oğlunu evləndirməkdə israr edib.
Bundan əsəbləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən, yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.
Hadisədən sonra K.Qasımov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub. O, Cinayət Məcəlləsin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.