Türkiyənin hakimiyyət orqanlarında kütləvi ixtisarlar baş verib. Belə ki, 2756 dövlət qulluqçusunu işdən azad ediblər.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müxtəlif orqanlarda çalışan bu şəxslər 2016-cı ilin iyulunda ölkədə baş vermiş dövlət çevrilişinə cəhdlə əlaqədar işdən kənarlaşdırılıblar. Bu xəbər ölkənin "Resmi Gazete" mətbuat orqanı tərəfindən yazılıb. 

"Milliyyet"in məlumatına görə, Türkiyə Hərbi Qüvvələrindən 637 nəfər, o cümlədən quru qoşunlarından 155 nəfər, Hərbi Dəniz Qüvvələrindən 155 nəfər, Hərbi Hava Qüvvələrindən 327 nəfər azad edilib.

Bundan əlavə, yüzlərlə polis əməkdaşı, sahil mühafizəsi xidməti, Ədliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, dövlət universitetlərinin, Dini Məsələlər üzrə İdarənin əməkdaşları istefaya göndəriliblər. Həmçinin 17 ictimai təşkilatın fəaliyyəti dayandırılıb.