Bir çox ölkələrədə kifayət qədər populyarlıq qazanan, istedadlı kino və teatr aktyoru, rejissor Volkan Severcan Musiqili Teatrın qonağı olub.

Teatrın mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, qonaq Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H. Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə aparılan möhtəşəm təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

Azərbacan tamaşaçılarının "Çocuklar duymasın, Çiçək taksi,"Hababam sınıfı askerde və digər onlarla məşhur Türkiyə seriallarından yaxşı tanıdığı Volkan Severcan teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib. O, ümumilikdə, Azərbaycan Dövlət Musiqili Teatrının möhtəşəm binasını, həmçinin, müasir dünya standartlarına tam cavab verən səhnəni görəndən sonra, heyranlığını gizlətməyib və xoş təəssüratlarını dilə gətirib: "Əslində, məndə bu teatrı ziyarət etmək istəyini həmkarım, ünlü sənətçi Tamer Qaradağlı yaratdı. O, keçən il bu sənət məbədini görəndən sonra mənə də Bakıya səfər edəcəyim zaman yolumu mütləq Musiqili Teatrdan salmağımı tövsiyyə etdi. Həqiqətən, Musiqili Teatr bir çox cəhətlərinə görə digər xarici ölkələrdəki teatrları ilə müqayisə olunabiləcək səviyyədə geniş yaradıcı və texniki imkanlara malikdir. Mən də, neçə illərdir teatr sahəsində çalışan bir insan kimi arzu edirəm ki, bu əsrarəngiz səhnədə həm rejissor, həm də aktyor kimi bacarığımı nümayiş etdirə bilim. Buralar mənə çox əzizdir, özümü sanki, doğma vətəndə hiss etdim. Zatən, biz bir millət, 2 dövlətik...

Çoxşaxəli yaradıcılığı, səhnə fəaliyyəti, aktyorluq məharəti, rejissorluğu, eləcə də, dublyaj etdiyi xarici filmlərdəki səs tembri ilə tamaşaçıların rəğbətini qazanan Volkan Severcan Musiqili Teatrdan xoş təəssüratlarla ayrılıb.