Türkiyənin Gebze şəhərində keçirilən sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeniyetmələr arasında 21-ci Zəfər Kuboku beynəlxalq turnir başa çatıb.
Unikal.org AGF-yə istinadən xəbər verir ki, 4 gün davam edən yarışın yekununda sərbəst, yunan-Roma və qadın güləşçilərimiz ümumilikdə 7 qızıl, 5 gümüş və 8 bürünc medal olmaqla 20 medal qazanıb.
3 qızıl - Əlihəsən Əmirli (48 kq), Əbülfəz Nəsirov (55 kq), Turan Bayramov (65 kq), 2 gümüş - Fuad Mayılov (80 kq), İslam Abuyev (110 kq), 2 bürünc - Riyad Aslanov (51 kq), Sabir Cəfərov (60 kq) medalla yarışları başa vuran sərbəst güləş yığmamız komanda hesabında ikinci olub. Türkiyə birinci, Rusiya yığması isə üçüncü nəticə göstərib.
3 qızıl - Birgül Sultanova (57 kq), Jalə Əliyeva (61 kq) Nigar Mirzəzadə (65 kq), 1 gümüş - Şahanə Nəzərova (43 kq), 3 bürünc - Ayşən Yusifova (46 kq), Sevinc Əhədova (49 kq), Elnur Məmmədova (61 kq) medal qazanan yeniyetmə qızlarımız da komanda hesabında Türkiyədən sonra ikinci olub. Rumıniya güləşçiləri isə üçüncü yeri tutub.
1 qızıl - Həzrət Cəfərov (51 kq), 2 gümüş - Qurban Qurbanov (45 kq), Röyal Mirzəliyev (51 kq), 3 bürünc - Murad Abbasov (55 kq), Ruslan Hədisov (65 kq), Laçın Vəliyev (92 kq) medalla Vətənə dönən yunan-Roma güləşçilərimiz isə komanda hesabında üçüncü yeri tutub. Türkiyə birinci, Gürcüstan komandası ikinci olub.
Türkiyənin Gebze şəhərində keçirilmiş "Zəfər Kuboku" beynəlxalq turnirində qazanılmış nəticə 23-29 aprel 2018-ci il tarixdə Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avropa çempionatı öncəsi məşqçilər korpusunun yığma komanda üzvlərini sınaqdan keçirməsi və heyətin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik idi.
Məlumat üçün bildirək ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziyalar Avropa çempionatında qazanılacaq. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.