Mayın 15-də Goranboy rayonunun Ağcakənd kəndində məskunlaşan Xocalı rayonundan olan məcburi köçkün ailələrinin uşaqları üçün "Açıq Əyləncəli Futbol Məktəbi layihəsi çərçivəsində növbəti idman tədbiri keçirilib.

AFFA-nın təşkilatçılığı ilə keçrilmiş tədbirdə millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Xocalı rayonundan seçilmiş deputat Elman Məmmədov, Göyçay rayonundan seçilmiş deputat Sabir Hacıyev, Xocalı rayon Gənclər və İdman İdarəsinin müdiri Elməddin Bağırov və "Açıq Əyləncəli Futbol Məktəbi layihəsinin kordinatoru Kərim Ağayev iştirak ediblər.

Tədbirdən görüntülər qurumun rəsmi saytında yayılıb. Unikal.org xəbər veirr ki, bu görüntülərdən sonra AFFA növbəti dəfə tənqid hədəfinə tuş gəlib. Belə ki, uşaq futbolunun inkişafından danışan qurum, futbola həvəsli uşaqlar üçün normal meydança tikdirməkdə, stadiona ot örtüyü salmaqda aciz qalıb.

AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev penalti vurarkən çəkilən fotosu ən tənqid olunan görüntülərdəndir. Belə ki, Gorandoydakı otsuz meydançada tədbir keçirilib, uşaqlara şəraitsiz və natəmiz məkan verilib. I vitse-prezidentin qol vurma anında da bu görüntülər açıq aydın müşahidə edilir. Bununla bağlı idman jurnalistləri və futbolsevərlər tənqidi fikirlər bildiriblər.

Qeyd edək ki, Rövnəq Abdullayevin rəhbəri olduğu AFFA bir müddət bundan əvvəl Cocuq-Mərcanlıda buraxdığı səhvini düzəldib. Cocuq-Mərcanlıdakı oxşar tədbirdə azyaşlı uşaqlara bədən ölçülərindən bir-neçə dəfə böyük formalar verilmişdi. Nəticədə ortaya xeyli acınacaqlı mənzərə çıxmışdı. Həmin fakt Sport7.az-da ictimailəşdiriləndən sonra geniş əks-səda doğurmuşdu.

Aygün İlqarqızı