Mayın 12-də Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən kikboksinq üzrə beynəlxalq peşəkar turnir keçirilib. Olimpiya-İdman Kompleksində keçirilən turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Belarus, Ukrayna, Gürcüstan idmançıları da rinqə çıxıblar.

Unikal.org xəbər verir ki, yarış DİN İdman Cəmiyyətinin yetirmələri, Daxili Qoşunların İdman Komandasının əsgərləri Anar Məmmədov və Zöhrab Əzimov üçün də uğurlu olub. Çəkisi 55 kiloqramadək olan idmançılar arasında A.Məmmədov, 65 kiloqramadək olan idmançılar arasında isə Z.Əzimov bütün rəqiblərini məğlub edərək Heydər Əliyev kubokun sahibi olublar.

Hazırda hərbi xidmətdə olan Dünya və Avropa çempion Zöhrab Əzimov Unikal.org-a qələbəsi ilə bağlı danışıb:

"Mən 11 aydır hərbi xidmətdəyəm, hərbi ximəti başa vurmağıma 45 gün qalıb. Bu peşəkar döyüşə isə şəxsi məşqçim Hakim Hacıyevlə birlikdə 1 aya yaxındır ki hazırlaşırdım. 63,5 kq çəki dərəcəsində K1 stilində döyüşdüm və qalib oldum.

Qeyd edək ki, hər iki təmsilçimiz dünya və Avropa çempionlarıdır. 

Turnirin açılış mərasimindən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.