Çempionlar Liqasının dünən baş tutmuş "Real - "Liverpul final oyununun (3:1) 27-ci dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk edən Məhəmməd Salahın dünya çempionatını buraxmaq təhlükəsi var idi.
Unikal.org xəbər verir ki, "qırmızıların baş məşqçisi Yurgen Klopp matçsonrası açıqlamasında misirli hücumçunun vəziyyətinin yaxşı olmadığını bildirmişdi. Misir gənclər və idman naziri Xaled Abd Əl-Əziz şəxsi "facebook hesabında futbolçunun vəziyyətinə aydınlıq gətirib. O, Salahın zədəsinin müalicəsinin iki həftə çəkəcəyini, dünya çempionatını buraxmayacağını bildirib:
"Salahın çiynində problem yaranıb. Müalicə müddəti iki həftə çəkəcək. Millinin tibbi heyəti "Liverpulun həkimləri ilə əlaqə saxlayıb, müalicə istiqamətini müəyyənləşdirəcək.
Salah Liverpulda reabilitasiya və lazımi müalicədən sonra İtaliyada milliyə qoşulacaq. O, finaldan sonra bir neçə gün istirahət etməli və bu müddəti özünü bərpaya sərf etməlidi. Salah turnirə tam hazır olmaq üçün xüsusi proqramla çalışacaq.
Xatırladaq ki, Misir millisi DÇ-2018-də Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay yığmaları ilə birgə A qrupunda mübarizə aparacaq. Afrika təmsilçisi mundialda ilk oyununu iyunun 15-də Uruqvaya qarşı keçirəcək.