Bu gün 17 yaşlı futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında yarımfinal görüşləri keçirilib.
Unikal.org xəbər verir ki, hər iki matç eyni gündə baş tutub və "Dalğa Arena"da oynanılıb.
Günün ilk oyununda Portuqaliya ilə Hollandiya qarşılaşıb. Çempionata milli komandamızla birlikdə A qrupunda start verən Portuqaliya qrup lideri kimi çıxdığı 1/4 finalda Avstriyanı darmadağın edərək, yarımfinala adlamışdı. Elio Souzanın yetirmələri turnirin favoritlərindən hesab olunan Hollandiya ilə matçdan da üzüağ çıxıblar. Belə ki, hər hissəyə vurulan 1 qol Portuqaliyaya 2:0 hesablı qələbə qazandırıb. Nəticədə Pireney təmsilçisi AÇ-in finalında oynamaq hüququ əldə edib.
Günün ikinci matçında Almaniya ilə İspaniya münasibətlərinə aydınlıq gətiriblər. Azarkeşlər maraqlı mübarizəyə şahidlik ediblər. Hesabı "bundestim" açsa da, onlar bu üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər. Son 15 dəqiqədə iki dəfə fərqlənən İspaniya millisi əzmkar qələbə hesabına finala adlayıblar.
Azarkeşlər finalda Piriney dueli izləyəcəklər.
17 yaşlı futbolçular arasında Avropa çempionatı
1/2 final
18 may
Almaniya - İspaniya - 1:2
Qollar: Renat Dadaşov, 11 - Ruiz, 64, Diaz, 78
Portuqaliya - Hollandiya 2:0
Qollar: Xose Qomes, 25; Dioqo Dalot, 56