Nəyə görə həmişə marslılar deyirik? Məsələn, niyə saturnlu və ya veneralı yox, məhz marslı? Bu sual yeni deyil. Mars haqqında hətta bu barədə kifayət qədər biliyi olmayan insanlar belə Marsda həyat olub-olmaması barədə öz fikir və mülahizələrini deyə bilir.
Unikal.org bildirir ki, Mars bir sıra alimləri iki yerə ayırmışdı. Orada həyatın olub-olmaması barədə suallar həmişə mövcud olub. Bəs Venerada, ya da Saturnda həyat var? Venera Yer planetinin əkizi kimi tanınır. Atmosferi qatıdır və o istixana effekti yaradır. Hətta Günəşə ən yaxın planet olan Merkuridən də istidir. Saturn hər nə qədər gözəl görünsə də, həyat üçün əlverişli deyil. Çünki Saturn da Yupiter və Uran kimi planetlərdə mövcud olan qazlardan ibarətdir. Əlimizdə qalan bircə planet var, o da Mars.
İlk baxışda Mars həqiqətən də həyat üçün əlverişli görünür. Qütbləri buzlarla örtülüb, uçuşan buludları, nəhəng toz fırtınaları, fəsillərin dəyişməsi və bir günün 24 saat davam etməsi istər-istəməz insanları Marsda həyatın mövcud olduğuna inandırıb. Tarixə nəzər yetirsək, bu barədə ilk fikri 1877-ci ildə italyan astronom Ciovanni Şiaparellinin irəli sürdüyünü görərik. Onun fikrincə, Marsın səthində kanallar mövcuddur. Təbii ki, burada ağıla gələn ilk şey bu kanalların insanlar tərəfindən yaradılmasıdır. Daha sonra bu fikri bir sıra astronomlar dəstəklədi.
Alfred Russel Vollos adlı astronomun Marsda həyatın ola biləcəyi barədə şübhələri var idi. Vollosun fikrincə, Marsda hava soyuq, oksigen və su da çox azdır. Su kanallarına gəlincə, düşünürdü ki, suyu buxarlanmadan qütblərdən ekvatora gətirmək qeyri-mümkündür.
Müasir dövrdə Mars barədə geniş biliyə sahibik. Marsın orbitinə süni peyklər göndərərək, onun fotolarını çəkdik və daha irəli gedərək Marsın səthinə tədqiqat işləri aparan Kyurositi robotunu göndərdik. Planetin havasında çox sayda karbondioksit, çox az miqdarda su buxarı və oksigen var. Marsda azot molekulları ilə ozon da var, amma maye halında su yoxdur. Oksigeni isə heç bir insanın nəfəs almağına da bəs etməz.
Orada ozon qatı elə incədir ki, Günəşin ultrabənövşəyi şüaları Marsın səthinə çox asanlıqla gəlib çatır. Bu ultrabənövşəyi şüalar bir çox mikroskopik canlılar üçün öldürücüdür. Artıq bilirik ki, Marsda həyat yoxdur, amma mikroskopik canlıların yaşayıb-yaşaması dəqiq deyil. Marsa göndərilən kosmik gəmi (Curiosity) bu məqsədlə fəaliyyət göstərir. Tədqiqat aparatı indi olmasa da, keçmişdə yaşayan canlılar barədə araşdırma aparır.
Marsdan istifadə etmək üçün orada uzun müddət dəyişiklik etməliyik. İnsanoğlu bu dəyişikliklərə nail olsa, onda marslılar elə biz olacağıq.(publika.az)