"Məğlub olmaq istəməzdik. Amma hələ ilk hissə bitib. Qarşıda 90 dəqiqəmiz var. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Qarşıda daha maraqlı 90 dəqiqə var.
Unikal.org-un report-a istinadən məlumatına görə, bunu "Qarabağın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Belarusun BATE komandasına 0:1 hesabı ilə uduzduqları ilk matçı şərh edərkən deyib.
46 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.
- Dani Kintananın adı iştirak ərizəsində yox idi. Zədəsi bu qədər ciddidir?
- Bəli, məşqdə zədə alıb.
- İki fərqli hissi izlədik. Oyunu necə şərh edərdiniz?
- Futbolda bəzən ilk, bəzən də ikinci hissədə çətin olur. Rəqib ilk hissədə hücumlar təşkil etdi və bundan da istifadə etdi. Hər bir komandanın öz oyun üslubu var. Çalışırdlar ki, bizə çətinlik yaratsınlar. Futbol səhvlər üzərində qurulub.
- BATE sizi təəcbüləndirmədi?
- BATE düşündüyüm kimi oynadı. İlk növbədə böyük təcrübəni gördük. Sürətli hücumları vardı. Bu gün ot örtüyü əvvəlkindən daha pis idi. Amma meydan hər iki komanda üçün eynidir. Biz meydanı bəhanə edə bilmərik.
- Avqustun 10-da Azərbaycan Premyer Liqasının I turunda "Zirə ilə oyununuz var. Bu görüşün təxirə salınmasını istəyəcəksiniz?
- Açığı, belə fikirim yox idi. Amma bu görüşdən sonra belə qərar gəldik. PFL və "Zirədən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar.
- 1:0 sürüşkən hesabdır. "Qarabağ Belarusda vəziyyəti dəyişə bilər?
- Qrupa düşmək üçün qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər.
- Künc zərbələrini Rəşad Sadıqov yerinə yetirirdi. Bu, nə ilə bağlı idi?
- Keçən oyunda da Rəşadla Dani Kintana yerinə yetirirdi. Bəzi düşündüyümüz kombinasiyalar vardı.
- Səfərdəki görüşdə heyətdə dəyişikliklər edəcəksiniz?
- Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik.
- Cavab görüşündə qapıda kim dayanacaq?
- İndidən heç nə deyə bilmərəm.
- Hücum xətti sizdə narahatlıq doğurmur?
- "Qarabağ 10 ildir oynayır, həmişə də narahat edir. Çünki daim daha yaxşısını istəyirsən. Elə illər olub ki, bizim sağ və sol vingerlərimiz bombardir olub.
- Adətən, bu cür məğlubiyyətlərdən sonra əsəbi olursunuz. Bu gün isə üzünüzdə təbəssüm var. Bu, nə ilə bağlıdır?
- Ola bilər. Bugünkü oyun, final fiti bunu tələb edir. Futbolçularla söhbətimiz oldu. Qarşıda hələ 90 dəqiqə var. Soyuqqanlı şəkildə cavab oyununa hazırlaşmalıyıq.