Fiqurlu konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev milli komandanı tərk edən idmançılar haqqında danışıb. 

Qurum rəsmisi Unikal.org-a açıqlama verərkən, onun milli komandada yerli idmançının olub-olmamasından  xəbərsiz olduğu məlum olub:

"Bizim federasiyada maliyyə problemi və ya idmançı qıtlığı yoxdur. Xarici idmançılarımız var idi, onların da bəzilər bizi tərk edib. Bəziləri qocaldığı, bəziləri isə bizimlə razılaşmağı və sərf etmədiyi üçün gedib. Amma hazırda federasiyada idmançılarımız çoxdur. Səhv etmirəmsə, onlar arasında azərbaycanlı idmançılar da var. Bizim konki sürənlər Moskva, Amerika, Fransada məşqləri şəxsi məşqçiləri ilə keçirlər.

Federasiya rəsmisi milli komandaya yeni idmançıların cəlb olunması haqqında da məlumat verib:

"Bəli federasiya rəhbərliyinin yeni idmançıların cəlb olunması ilə bağlı fikirləri var. Həmin idmançıların sentyabr ayının 2-də keçiriləcək "Qran-Pridə çıxış etməsi planlaşdırılır. Fransa Milli komandasında çıxış edən azərbaycanlı idmançılar var. Onları da öz yığmamıza cəlb etməyə çalışırıq. Düzdür, hazırda həmin idmançıların 11-12 yaşı var. Onlar Azərbaycan vətəndaşıdır. Lakin çoxdan Fransaya köçüblər və orada yaşamaq üçün həmin ölkənin vədəndaşlığını da alıb".

Fuad Quliyev maaş probleminə də toxunub:

"İdmançılara hansısa nəticə verdikləri zaman maaş bağlanırdı. Onlar cütlük şəkilində çıxış edirdilər. Hər  birinə 2 min dollar maaş ödənilirdi. Həmçinin, Amerikada yaşaması, məşq etməsi üçün müəyyən maliyyələr ödənilirdi. Sadəcə qatıldıqları olimpiadadan sonra onlara bu maaş sərf etmədi və komandanı tərk etdilər. İndi olar şoularda iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Fiqurlu konkisürmə Federasiyasının rəhbəri iş adamı İsgəndər Xəlilovdur.

Aygün İlqarqızı