Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin qərarı ilə növbəti ildə Bakı aerobika və bədii gimnastika üzrə Avropa Çempionatlarına ev sahibliyi edəcək.
Unikal.org bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından trend-ə verilən məlumata görə, 2019-cu ilin 23-25 may tarixlərində Milli Gimnastika Arenası ilk dəfə olaraq qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Ölkəmizdə son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə Avropa birinciliyin məhz paytaxtımızda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.
Bunun ardınca isə 31 may - 2 iyun tarixləri məhz bədii gimnastlara həsr olunacaq. Bununla da Bakı artıq 4-cü dəfə gimnastikanın ən sevilən növü - bədii gimnastika üzrə Avropa Çempionatını təşkil etmiş olacaq.
Xatırladaq ki, beynəlxalq tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycan Gimnastika Federasiyası 2019-cu il ərzində idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə həm Dünya Kuboku, həm də dünya çempionatını təşkil edəcək.
Qeyd edək ki, ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının təzahürü kimi, bu gün irimiqiyaslı beynəlxalq gimnastika yarışlarının Azərbaycanda təşkili idman növlərinin inkişafında böyük rol oynayır, idman turizminin irəliləməsində də müsbət təsiri müşahidə olunur.