"Qarabağın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Moldova çempionu "Şerifə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.
Unikal.org xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdı. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Məğlub olsaq da, buna peşəkar biri kimi yanaşacağıq.
Ötən ilki "Şerif"lə bu ilki arasında böyük fərq var, komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdi. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq.
Emeqaranın olmaması bizim üçün itkidi. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də ola bilsin bir neçə problem var. Amma buna baxmayaraq, oyuna hazırlaşmışıq.