Bu gün UEFA Avropa Liqasında 2018/2019-cu il mövsümünün püşkü atılacaq. "Qarabağ" klubunun gənc hücumçusu Mahir Mədətov püşkatma ilə bağlı öz fikirlərini bildirib.
Unikal.org-a açıqlama verən Mahir Mədətov Türkiyə klublarından biri ilə eyni qrupa düşməyi çox istədiyini bildirib:
"Çempionlar Liqasına düşərkən oynamaq istədiyim klub var idi. Amma Avropa Liqasında hansı klublarla eyni qrupda olmaq barədə heç nə düşünməmişəm. Xeyirlisi nədirsə o da olsun. Məncə, Türkiyə klubları ilə eyni qrupa düşsək maraqlı olardı. Yəqin ki, azarkeşlərə də ardaş ölkənin klubları ilə oynamağımız, həmçinin sadionun atmosferi mənə maraqlı olardı. Azərbaycanlı azarkeşlərlə türk qardaşlarımız necə birlikdə futbola azarkeşlik edərdi".
"Qarabağ" klubunun gənc hücumçusu dünənki oyun öncəsi azarkeşlərə olan küskünlüyünü də dilə gətirib:
"Görürdük ki, bizə inanmayan azarkeşlər, tənqid edənlər çoxdur. Oyuna da çıxanda gördük ki, stadion tam dolu deyil. Bütün bu amillər istər-istəməz adama təsir edir. Biz tənqid oluna bilərik, amma klubun adına görə beynəlxalq səviyyəli oyunlarda hər bir azərbaycanlı o stadionu doldurmağa məcburdur. Oyunçulara görə də olmasa, Qarabağ adına görə azarkeşlər stadionda bizi tək buraxmamalıdırlar. Çünki biz Azərbaycanın yaralı bölgəsini təmsil edirik. Baş məşqçi bizə yaxşı motivasiya verdi, qələbə qazandıq. Oyunu izləyib, bizə dəstək olan azarkeşlərə öz minnətdarlığımızı bildirirəm".
Famil Fərhadoğlu