"Ermənistan tərəfi bu dəfə də cəfəngiyyat və qarayaxma ilə məşğuldur. Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının startına bir neçə gün qalmış Ermənistan tərəfi Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət verməməsi və bununla əlaqədar olaraq idmançıların ölkəmizə gəlməmələri ilə bağlı yalan fikirlər səsləndirir.
Bu barədə Unikal.org-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinməsi fikirlərinə münasibət bildirərkən deyib.
Nazirlik rəsmisi dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu Ermənistana təqdim etdiklərini söyləyib: "İllər öncə Azərbaycan və Ermənistanda keçirilmiş yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ölkə arasında xüsusi format mövcud olub. Bu formata əsasən, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlüksizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan hökuməti qaydalara əməl edərək, Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim edib. Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır.