"Qrupdakı ilk oyun bizi bir qədər məyus edib. Pis oynadıq və buna uyğun da nəticə aldıq. İndi bu oyunu unutmalıyıq, gələcəyə baxmalıyıq. Bütün fikirlərimiz Azərbaycanla qarşılaşmaya yönəlib.
Unikal.org "Reporta istinadən xəbər verir ki, bunu UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə oyundan əvvəl təşkil edilən mətbuat konfransında Malta yığmasının baş məşqçisi Rey Farruciya deyib.
Mütəxəssis bildirib ki, səfərdə keçirdikləri ilk matçda Farer adalarına 1:3 hesabı ilə uduzduqları üçün çox üzgündürlər:
"İndi bu oyunu unutmalıyıq, gələcəyə baxmalıyıq. Bütün fikirlərimiz Azərbaycanla qarşılaşmaya yönəlib. Azərbaycan güclü rəqibdir, lakin biz uğurlu nəticə qazanmağa çalışacağıq.
Ötən oyundakı məğlubiyyətin səbəbi nədir?
- Buraxılan səhvlər nəticəni müəyyənləşdirdi. Taktiki cəhətdən komandam pis deyildi, yetərincə qol epizodlarımız da oldu. Ancaq səhvlərimiz bizə baha başa gəldi. Yetirmələrimə demişdim ki, heç kəs onları öldürməyəcək. Futboldan zövq alın və yaxşı oyun nümayiş etdirməyə çalışın.
Yəqin ki, Azərbaycan - Kosovo matçını izləmisiniz. Azərbaycan barədə düşüncələrinizi bilmək istərdik.
- Bəli, həmin qarşılaşmanı izləmişəm. Sabahkı rəqibimiz olduqca yaxşı komandadır. Xüsusilə, braziliyalını (Riçard Almeyda - red.) qeyd edərdim. Azərbaycanın oyun dəst-xəttini məhz həmin futbolçu müəyyənləşdirir. Sabah hər iki komanda qalib gələ bilər. Ancaq qeyd etməliyəm ki, Azərbaycan çox ciddi rəqibdir.
Azərbaycan yığmasının hansı özəlliklərini qeyd edə bilərsiniz?
- Azərbaycan Farer adaları yığmasından fərqli futbol oynayır. Bu görüşə yaxşı hazırlaşmışıq. İlk oyundakı səhvləri təkrar etməməliyik. Bunu bacarsaq, müsbət nəticə qazana bilərik.
Sentyabrın 10-da Ta Qali stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.