Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət qulluğu haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

Unikal.org APA-ya istinadən bildirir ki, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihənin komitə müzakirəsində narazılığa səbəb olan müddəalar artıq razılaşdırılıb.
 
Razılığa əsasən, dövlət qulluqçusu rübdə bir dəfə deyil, ayda bir dəfə testdən keçəcək. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
 
Digər məqam ondan ibarətdir ki, sertifikat almış dövlət qulluqçusunun ikinci (sonuncu) sertifikatı həmişəlik qüvvədə olacaq. Layihəyə əsasən dövlət qulluğuna qəbulda müsahibə mərhələsinin təşkili mexanizmi, staj və sınaq müddəti və digər məsələləri əhatə edir. Layihəyə görə komissiyanın narazı qalan bir üzvünün tələbi ilə müsahibənin nəticəsi yenidən yoxlanıla biləcək. Bundan başqa, staj və sınaq müddətinin azaldılması da təklif olunur. Belə ki, bu müddətin 1 il 6 aydan 9 aya salınması nəzərdə tutulur.
 
Müsahibədən keçməyənlərə güzəşt edilməsi də nəzərdə tutulub. Belə ki, həmin şəxslər 2 il müddətində qurumun kadr ehtiyatında saxlanılacaq. Əgər bu müddət ərzində həmin dövlət orqanında iş olarsa, vətəndaş həmin vəzifəyə gətiriləcək.
 
Bununla yanaşı, qanuna 28-1-ci maddə (Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi) əlavə edilir. Orada qeyd olunur ki, dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb oluna bilməz. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxsi işlədiyi dövlət orqanının rəhbəri bu Qanuna əsasən digər oxşar vəzifəyə təyin edə, habelə sertifikatına uyğun olaraq vəzifədə irəli çəkə bilər.
 
Layihə səsə qoyularaq qəbul olunub.