Abşeron rayonunda Bakı Şəhər Dövlət Yol Polisinin cərimə meydançasında dayanmış, sahibləri məlum olmayan "Chrysler", "Mercedes", "Mitsubishi" və "Ford" markalı minik avtomobillərinin yanmasının səbəbi məlum olub.
Unikal.org xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev anspress-ə açıqlamasında bildirdi ki, yanğın heç də təsadüf nəticəsində baş verməyib:
"Yanğının baş verməsinə konkret şəxs səbəb olub. Belə ki, polis əməkdaşları sərxoş vəziyyətdə avtomobil idarə edən sürücünü nəqliyyat vasitəsi ilə birgə cərimə meydançasına (dayanacağa) gətiriblər. Dayanacaqda həmin şəxs avtomobildən şəxsi əşyalarını götürmək istədiyini bildirib və polis əməkdaşları da razılıq veriblər. Sərxoş şəxsin maşınında butulkada benzin olub və maşından həmin yanar maddəni götürərək öz avtomobilinin üzərinə tökərək od vurub. Yanğının miqyası getdikcə genişlənib və ərazidəki avtomobillərə də yayılıb. Əraziyə cəlb edilən Fövqəladə Hallar Nazirliyi əməkdaşları tərəfindən yanğının qarşısı alınıb. Hadisəni törədən sürücü tutularaq istintaqa cəlb edilib və barəsində cinayət işi açılıb".
Şöbə rəisi onu da əlavə etdi ki, saxlanılan şəxsin məhkəməsi olacaq və bundan sonra yanan avtomobillərə dəyən zərərin kim tərəfindən ödəniləcəyi müəyyən ediləcək.
Onu da bildirək ki, əgər cərimə meydançasında saxlanılan avtomobillər ehtiyatsızlıq nəticəsində yanarsa və ya yararsız vəziyyət düşərsə, həmin zərər meydançanın təhlükəsizliyini təmin edən müəssisə tərəfindən ödənilir.
Cinayəti törədən şəxsi Abşeron Rayon Polis İdarəsinin əməkdaşları saxlasa da, onun adı hələlik açıqlanmır.
Qeyd edək ki, bu gecə Abşeron rayonunda 4 avtomobil yanıb. FHN-nin yaydığı məlumata görə, Abşeron rayonunda Bakı Şəhər DYP-nin cərimə meydancasında dayanmış, sahibləri məlum olmayan "CHRYSLER" markalı minik avtomobilin yanar hissələri, "MERCEDES" minik avtomobilinin sağ hissəsi, "MİTSUBİSHİ" markalı minik avtomobilinin sol hissəsi və salonu yanmış, "FORD" markalı minik avtomobilinin qabaq hissəsi qismən əriyib.
Digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 01:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.