Maliyyə Bazarlarına Nəzarət Palatası kommersiya banklarının istehlak kreditlərini bərpa etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Qeyd edək ki, məlumatlarda kreditləri yalnız əmək haqqı 410 manatdan yuxarı olan insanların ala biləcəyi vurğulanır. 

Unikal.org-un məlumatına görə, qurumun Direktorlar Şurasının sədrinin müşaviri Rüfət Abbasov Modern.az saytının sorğusuna cavab olaraq bildirib ki, aprel ayının əvvəlində banklar tərəfindən xarici valyutada istehlak kreditlərinin verilməsinə moratorium tətbiq olunub:

"Palatanın Direktorlar Şurasının 04.05.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş prinsiplərə əsasən, manatla və xarici valyutada istehlak kreditlərinin verilməsi zamanı risklərin minimallaşdırılması çərçivəsində fərqli yanaşılması, həmçinin kredit verilərkən borcalanın gəliri nəzərə alınaraq baxılması tövsiyə olunub".

R.Abbasov aşağı gəlirli müştərilərə kredit verilməsinin qadağan olunmadığını vurğulayıb:

"Hər hansı məbləğdən aşağı gəliri olanlara kredit verilməməsi ilə bağlı tələb mövcud deyil".