Beynəlxalq Bank işi ilə bağlı azadlığa çıxanların sayı 6-ya çatıb
 
"Azərbaycan Beynəlxalq Bankı" ASC işi ilə bağlı həbs edilmiş daha üç iş adamı azadlığa buraxılıb.
"Report"un əldə etdiyi məlumata görə, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib.
Həmin şəxslər ASC-dən kredit götürərək qaytarmamaqda günahlandırılan "City Developer" MMC-nin direktoru Ratmir Bəkirov, "İnter Glass" şirkətinin prezidenti Fariz Muradov və "General Construction" şirkətlər qrupuna daxil olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) birinin direktoru Camal Həsənovdur.
Qərara əsasən, hər üç şəxs barəsində həbs qətimkan tədbiri ləğv edilib, barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, həmin şəxslərdən R.Bəkirov fəaliyyətini dayandırmış "Simurq" klubunun prezidenti Anar Bəkirovun atasıdır. R.Bəkirovun "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə təxminən 50 milyon dollar borcunun olduğu bildirilirdi.
Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə bir neçə dəfə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Xatırladaq ki, bu gün "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, Mingəçevir "İzolit" ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev və "Riyad-Farm"ın icraçı direktoru Aqil Quliyev də azadlığa buraxılıblar.