Vəkil Aqil Layıcov Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevlə görüşüb.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya məlumat verən A. Layıcov bildirib ki, C. Hacıyev ötən gün həkim müayinəsindən keçirilib: "Cahangir Hacıyev bir sıra xəstəlikdən əziyyət çəkir. Ötən gün vəziyyəti pisləşib və Penitensiar Xidmətin Müalicə Müəssisəsindən gələn iki həkim ona yardım ediblər. Lakin onun müalicəsi saxlanma yerində mümkün deyil. Bu gün mən onunla görüşə getdim. Səhhəti yaxşı olmadığı üçün biz ətraflı söhbət edə bilmədik".
 
Vəkil cinayət işi üzrə istintaqda hər hansı yeniliyin olmadığını da bildirib.
 
Qeyd edək ki, ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərarın ləğv olunması barədə verilən apellyasiya şikayəti isə təmin edilməyib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.