Lənkəran rayonunda canavar yeniyetmələrə hücum edib.

Unikal.org-un
report-a istinadən verdiyi xəbərə görə, hadisə dağ kəndi Biləsərdə baş verib.

Canavar hücumuna məruz qalan 16 yaşlı Anar Rəcəbovun atası Rizvan Rəcəbovun dediyinə görə, oğlu axşam saatlarında mal-qaranı həyətə gətirərkən kənddə canavarın hücumuna məruz qalıb. Yırtıcı yeniyetmənin sol bud nahiyəsini dişləyib. A.Rəcəbov canavarın dişlərindən qurtarmaq üçün əlindəki mobil telefonla yırtıcının başına bir neçə zərbə edirib. Bu zaman canavar onun əlini dişləmək istəyib, lakin əlindəki telefon yeniyetmənin həyatını xilas edib.

Özünü itirməyən A.Rəcəbov yaxınlıqdakı həyətlərdən birinə girib. Onun ardınca həyətə soxulan yırtıcı həyətdəki itlə boğuşduqdan sonra səs-küydən hürkərək qaçıb.

Canavar bundan bir neçə dəqiqə sonra kəndin digər ərazisində məktəbdən evə qayıdan 8-ci sinif şagirdi Xalid Gündüz oğlu Abdullayevə hücum edərək, ona da sol bud nahiyəsindən xəsarət yetirib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi yardımlar edilib.