"Kənd Kooperasiyası haqqında" Qanun Layihəsinin birinci oxunuşu zamanı mən bir sıra vacib məsələləri qeyd etmişdim. Məsələn, bildirmişdim ki, qanunun 2011-ci ildəki variantında kooperativ bazarların yaradılması nəzərdə tutulmuşdu. Orada konkret olaraq bu cür bazarlarının yaradılmasının məqsədi kimi qiymət bahalaşmasının qarşısını almaq göstərilirdi. Həmin qanun layihəsinin son maddələrində bütün bu bazarlarla yanaşı yarmarkaların da təşkil olunması nəzərdə tutulurdu".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Kənd Kooperasiyası haqqında" qanun layihəsi müzakirəsi zamanı millət vəkili Elmira Axundova bildirib.
Elmira Axundova bildirib ki, qanun layihəsində yarmarkalarda yalnız Azərbaycan ərazisində yetişdirilən kənd təsərrüfatı məhsullarının satıla biləcəyi və yarmarkalarda ticarət yerlərinin pulsuz veriləcəyi birmənalı olaraq göstərilib: "Mən çox şadam ki, bu maddələr II oxunuşda qanuna yenidən əlavə olunur, 12.0.3.1, 12.0.3.2-ci, həmçinin 16-cı maddələr. Amma burada da bir sıra suallarım ortaya çıxır. Məsələn, kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin vəzifələri sırasında 12.0.3.1-ci maddədə qeyd olunur: "kooperativlərin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmaq". Sualım ondan ibarətdir ki, hər müraciət edən istehlak kooperativinə kooperativ bazar üçün torpaq ayrılacaqmı? Çünki bir rayonda, şəhərdə onlarla istehlak kooperativi ola bilər. Bu zaman isə bazar əlindən tərpənmək olmayacaq. Ona görə bəlkə bu cümləni başqa cür yazaq, məsələn: "Bu və ya digər rayonda fəaliyyət göstərən kooperativlərin birgə müraciəti əsasında kooperativ bazarın tikintisi üçün torpaq ayırmaq..." Yəni başa düşülsün ki, rayonda 1 dənə kooperativ bazar tikmək olar. Bu işdə pərakəndəlik olmasın.
Digər sualım 16-cı maddə ilə bağlıdır. Belə ki, 16.2-ci maddədə qeyd olunur: "Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul olan istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərirlər". Bildiyimiz kimi Qanunun 8-ci maddəsinə görə qarışıq, yəni istehsal-istehlak kooperativləri də var. Nə üçün bu kooperativlərə kooperativ bazarların yaradılması səlahiyyəti verilmir? Axı onlar da istehlak kooperativlərinin fəaliyyət növləri ilə məşğul olurlar. Bilirsiz, bizdə nə isə istehsal edən müəssisələr azdır, hamı istehlak ilə məşğuldur. Ona görə biz istehsal ilə məşğul olan kooperativlərə də yaşıl işıq yandırmalıyıq, onların önündə yeni məhdudiyyətlər qoymamalıyıq.
Başqa bir sualım qanunun 6-cı maddəsi ilə bağlıdır. 6.1-ci maddədə qeyd olunur: "İstehsal kooperativində görülən işlərin ən azı 70% kooperativ üzvləri tərəfindən yerinə yetirilir". 6.2-ci maddəyə görə isə istehsal kooperativlərində muzdla işləyən işçilərin sayı kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. Düşünürəm ki, bu qanunun məqsədi kənd təsərrüfatının inkişafı ilə yanaşı yeni iş yerlərinin yaradılmasına da xidmət etməlidir. Bu müddəa isə istehsal kooperativlərində işçilərinin sayına məhdudiyyət qoyur.
Bilmək istərdim ki, bu, hansı zərurətdən irəli gəlir? Həmçinin 7.4-cü maddədə göstərilir ki, "istehlak kooperativləri beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılır". Nə üçün beşdən az fiziki və (və ya) hüquqi şəxsə istehlak kooperativi yaratmaq icazəsi verilmir?
Xahiş edirəm qeyd etdiyim suallara aydınlıq gətirilsin. Ümumilikdə isə Qanun layihəsi öz-özlüyündə aktualdır, labüddür".