"Azərbaycan nümunəsi hesab edirəm ki, bir çox ölkələr üçün də maraqlı ola bilər. Bu il biz müstəqilliyimizin bərpasının 25 illiyini qeyd edəcəyik. 25 il ərzində Azərbaycan sübut edib ki, müstəqil ölkə kimi yaşaya bilər. Yaxşı yaşaya bilər. Öz taleyinin sahibi ola bilər, bütün ölkələrlə normal münasibətlər qura bilər və ən əsası ondan ibarətdir ki, gələcəyə də bizim çox dəqiq və aydın baxışlarımız var".
 
Unikal.org Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün 23-cü Beynəlxalq Xəzər Neft və Qaz - Caspian Oil & Gas 2016 və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji - Caspian Power 2016 sərgilərinin açılış mərasimində çıxışında deyib.

İlham Əliyev bildirib ki, biz hazırda Cənub Qaz dəhlizinin icrası ilə ciddi məşğuluq: "Bununla bərabər, bəlkə də daha ciddi iqtisadiyyatın şaxələndirilməsi ilə məşğuluq ki, neft amilindən asılılığı tam aradan götürək və Azərbaycan iqtisadiyyatı uzunmüddətli, dayanıqlı iqtisadiyyat ola bilsin. Bu istiqamətdə görüləsi işlər çoxdur, 2016-cı il bizim üçün və bütün neftlə zəngin olan ölkələr üçün sınaq ilidir. Neftin qiyməti bu il bir neçə dəfə aşağı düşüb və təbii ki, bu bütün ölkələr üçün sınaqdır. Ancaq hesab edirəm ki Azərbaycan bu sınaqdan şərəflə çıxır. 2016-cı il sabitləşmə ili olmalıdır".

Dövlət başçısı deyib ki, artıq biz bunu görürük: "Gələn ildən isə iqtisadi artım bərpa ediləcək. Biz son 10 il ərzində çox yüksək iqtisadi artım şəraitində yaşamışıq. Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Əlbəttə, bizim iqtisadiyyatımız, əhalimiz buna öyrəşib, indi yeni dövr başlayır. İstənilən şəraitdən biz üzü ağ çıxa bilərik və çıxırıq. Bizim əsas vəzifəmiz ondan ibarətdir ki, dünyada yaranmış bu böhrandan Azərbaycan xalqı əziyyət çəkməsin. Ona görə bütün sosial proqramlar icra edilir, maaş və pensiyalar 10 faiz qaldırılıb, bütün sosial infrastrukturun yaradılmasında işlər gedir və əlbəttə ki, gələcək illər üçün gözəl zəmin yaradılır".

İlham Əliyev sonra qeyd edib ki, neft qiymətinin aşağı düşməsi bir stress vəziyyəti yaratmışdı: "Mən hesab edirəm ki, bu bizim xeyirimizə oldu. Bir çox qurumlar, o cümlədən dövlət qurumları öyrəşmişdilər ki, müxtəlif layihələrin icrası üçün onlara böyük həcmdə vəsait ayrılır. İndi biz bu məsələlərə qənaətlə yanaşırıq, ancaq prioritet məsələlərə vəsait ayrılır. Əsas vəsait isə özəl sektordan gəlməlidir. Daxili və xarici investorlar vəsait qoyurlar və bizə inanırlar. Hesab edirəm ki, bu illər ərzində biz etibarlı tərəfdaş kimi gözəl reputasiya qazanmışıq. Neft sahəsində bilirsiniz ki, bütün kontraktlar pay bölgüsü əsasında imzalanıb və bir nöqtəni, vergülü dəyişə bilmərik və dəyişmək fikrimiz də yoxdur. Bu inamı artırır. Bütün başqa sahələrdə neft sahəsində olan şəffaflıq və proqnozlaşdırma meyilləri daha da güclənməlidir".