Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin kollektivinə ağır itki üz verib.

Unikal.org xəbər verir ki, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Çingiz Mansur oğlu Əliyev yanvarın 7-də ömrünün 56-cı ilində vəfat edib. 

Çingiz  Əliyev 5 yanvar 1963-cü ildə Bakıda anadan olub. 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Su Nəqliyyatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1987 “Xəzərdənizneftdonanma” idarəsində kapitan köməkçisi kimi  başlayıb. Biliyi və bacarığı  hesabına qısa vaxtda kapitan  vəzifəsinədək yüksələ bilib. 

1993-1996-cı illərdə “Xəzərdənizneftdonanma” idarəsində dənizdə təhlükəsiz üzmə xidmətinin rəis müavini və rəisi, “Xəzərdənizneftdonanma” idarəsinin rəis müavini, 1996-2006-cı illərdə “British Petroleum” şirkətində dəniz işləri üzrə rəis, 2006-13-cü illərdə “Caspian Marine Services” LTD şirkətində direktor vəzifələrində çalışıb. Bu dövrdə “Günəşli” yatağında platformaların 30%-nin tikilməsində, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun 8 №li platformasının tam qurulmasında, “Çıraq” platformasının özülünün qoyulmasında  iştirak edib. 2013-cü ilin dekabrından Azərbaycan Dövlət Dəniz Akademiyasında Beynəlxalq əlaqələr üzrə prorektor, 2014-cü ilin iyulundan ADDA-nın tədris və tərbiyə işləri üzrə prorektoru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli  Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib.