"Bologna" klubunun baş məşqçisi Sinişa Mihayloviç ağır xəstəliyə düçar olub.
Unikal.org goal.az-a istinadən xəbər verir ki, 50 yaşlı serbiyalı mütəxəssisdə qan xərçəngi aşkarlanıb. O, bunu ötən gün təşkil olunan xüsusi mətbuat konfransında jurnalistlərə açıqlamasında bildirib:
"Məni uzun və çətin müalicə gözləyir. Amma mən təslim olmayacam və bu mübarizədən qalib ayrılacağıma inanıram. Bunu öz ailəm, mənə inananlar üçün edəcəm. Son günlərdə yüzlərlə dəstək məktubu almışam. Amma onları cavablandırmaq imkanım olmayıb. Bu günlər ərzində öz-özümlə qalmaq istədim və xeyli düşündüm. Bunu etiraf etməkdən utanmıram ki, ağladım. Məni çətin mübarizə gözləyir, amma bunu qəbul etməyə hazıram".
Konfransa qatılan "Bologna"nın həkimi bəyan edib ki, Mihayloviçdə aşkarlanan xəstəlik ilkin mərhələdədir və bu, onlara müalicənin uğurla başa çatdırılması üçün inam verir.
Ağır xəstəliyə baxmayaraq, Mihayloviçin baş məşqçi postunda qalacağı və işini davam etdirəcəyi açıqlanıb. Halbuki, konfransdan öncə onun istefa verməyə hazırlaşdığı bildirilirdi.
Mihayloviçin "Bologna" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.