Bu gün 251 №-li tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov C.Naxçıvanski küçəsi 92, 94, 94a, 94b ünvanlarında yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.
Unikal.org xəbər verir ki, qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Qəbulda vətəndaşlar məhəllənin abadlaşdırılması, söhbətgahların quraşdırılması, binanın dam örtüyünün təmiri, zirzəmilərin təmizlənməsi, kanalizasiya xətlərinin təmiri, istiliklə təminat və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.
Səyyar qəbulda rayon rəhbəri tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.
Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib və nəzarətə götürülüb.