Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı start götürüb.
Unikal.org xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizə aparır.
Cavid Cavadov dünya çempionatına inamlı qələbəylə başlayıb. Həmyerlimiz debütdə Rusiyadan olan rəqibinə "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Özbəkistan idmançısına yenilib. Rəqib finala yüksəldiyi üçün Cavid iyulun 30-da təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Zirəddin Bayramov ilk mərhələdə Belarus təmsilçisinə vaxtından əvvəl qalib gəlib. Şəmkir güləş məktəbinin yetirməsi daha sonra Avropa çempionu və Bakıda keçirilən Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qalibi olmuş İtaliya idmançısına göz açmağa imkan verməyib və 1/4 finala yüksəlib. Ancaq qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisinə növbəti dəfə uduzub.
Cəbrayıl Hacıyev debütdə türk rəqibini çətinlik çəkmədən məğlub edib. EYOF-un qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yapon güləşçini də yolundan kənarlaşdıran Cəbrayıl yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Hacıyevin rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığmamızın üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb.
Fərid Cabbarov gərgin keçən görüşdə amerikalı güləşçiyə uduzub. Hamlet Nəsibli ilk görüşdə ukraynalı həmkarıyla bacarmayıb.
Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və medal görüşləri iyulun 30-da keçiriləcək.