İsrail Knessetinə (parlament) seçkilərin ilkin nəticələrinə görə, heç bir partiya həlledici qələbəyə nail olmayıb. Buna görə də tərəflərdən biri irəli çıxıb hökumət qurana qədər ölkə siyasi qeyri-sabitliklə üzləşəcək.
Unikal.org xəbər verir ki, Mərkəzi Seçki Komitəsinin məlumatında seçicilərin 69,4 faizinin seçki hüquqlarından istifadə etdiyi bildirilib. Bu, aprel ayında keçirilmiş seçkilərdə iştirak edənlərin sayından 1,5 faiz çoxdur. Səslərin 90 faizi artıq hesablanıb. Bu nəticələrə görə, İsrailin siyasi səhnəsindəki tərəflərin bərabərliyi əhəmiyyətli dərəcədə dəyişməyib:
Benyamin Netanyahu, Likud partiyası – 32 mandat
Benni Qantz, Mavi və Ağ Partiyası – 33
Əmək + Gesher – 6
“The Joint Arab List” – 11
“United Torah Judaism” – 8
“Yemina” – 7
Demokratik Partiyası – 5
“Shas” – 9
“Yisrael Beiteinu” – 9.
Seçkilərdə namizədliyi irəli sürülmüş digər partiyalar elektoral həddi keçə bilməyib. Əsas rəqabət Baş Nazir Benyamin Netanyahunun “Likud” sağ mərkəzçi partiyası ilə Benni Qantzın sol mərkəzçi “Mavi və Ağ” partiyası arasında gedir. İki partiya bərabər mandata sahib olsa, Netanyahu koalisiya yaratmaq üçün daha yaxşı fürsət qazana bilər. Digər tərəfdən isə Prezident Reuven Revlin Benni Qantza hökuməti qurmasını tapşıra bilər. Çünki hələlik cüzi də olsa, onun partiyası “Likud” partiyasını üstələyir.
Müzakirə olunan digər çıxış yolu isə birlikdə koalisiya hökumətinin qurulmasıdır.
Knessetin üzvü olan Aviqdor Liberman özünün 9 mandatı ilə yeni Baş Naziri seçəcək şəxs ola bilər. O, dini və ya Ortodoks elementlərin yer almadığı liberal hökumət qurulmasının tərəfdarıdır.
Bu rəqəmlərə hərbçilərin səsləri daxil deyil. Adətən onların səsləri sağ mərkəzçi partiyalara gedir və bu da sağyönümlü qüvvələrə dəstək deməkdir.