Türkiyənin yeni diplomatik səyləri xarici siyasətdə dəyişikliklər etməyə başladığı anda İstanbulda qanlı terror aktının törədilməsini təsadüf saymaq sadəlövhlük olardı.

Terrorun klassik təyini olan "yoxsullarla əzilənlərin varlılarla əzənlərə qarşı son, amma yaramaz vasitəsi" ifadəsi 2000-ci ilin sentyabrın 11-dən bəri mənasını itirib. Terror indi siyasi güclərin mübarizəsində istifadə olunan vasitəyə çevrilib. Dünyanın böyük dövlətləri bunu etiraf etmir, qətiyyətlə danırlar. Təbiidir, normaldır: böyük siyasətdəki çirkin oyunları indiyədək kimsə etiraf etməyib, "bunu biz etdik" etirafında bulunmayıb.


 
İstanbuldakı terror aktı faciə olmaqla yanaşı, Türkiyəyə və Ankaranın müttəfiqlərinə, Yaxın Şərqdəki təhlükəli durumun normallaşmasını istəyən bütün qüvvələrə və ölkələrə "xəbərdarlıq"dır.
Bu qanlı messic sahibsiz olmadığı kimi, müəllifsiz də deyil.

Gecənin vəhşəti

İstanbuldakı Atatürk beynəlxalq hava limanında törədilən qanlı terror aktında 50 nəfər həlak olub, 106 nəfər yaralanıb.
Yaralılar və ya həlak olanlar arasında Azərbaycan vətəndaşları yoxdur. Situasiyanın həddən artıq gərgin və ağır olduğunu nəzərə alaraq Türkiyənin hakimiyyət dairələri ölkənin kütləvi informasiya vasitələrinə teraktla bağlı təfərrüatları yaymağı, fotoları dərc etməyi yasaqlayıb.

Xəbər agentlikləri əvvəlcə bildirdilər ki, hava limanının ərazisində, beynəlxalq uçuşlar terminalında partlayışlar olub. Sonra Türkiyə mediası bildirdi ki, hava limanının avtomobil dayanacağında atəş səsləri eşidilir.
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ olaya aydıqlıq gətirdi, "canlı bomba"ların beynəlxalq uçuşlar terminalına girmək istədiklərini dedi. Terrorçulardan biri rentgen yoxlanış qurğusundan keçə bilməyəcəyini anlayanda "Kalaşnikov" avtomatını çıxararaq ətrafa atəş açmağa başlayıb. Hava limanındakı polis ona atəş açıb, yaralayıb. Yaralı terrorçu özünü partladıb, daha sonra bir partlayış da olub.

Bir qədər keçəndən sonra hava limanının yaxınlığındakı metro stansiyasında da partlayış olduğu barədə məlumat yayıldı.



Təhlükəlı "coming out"

Bu ilin əvvəlindən Türkiyə teraktlar çəmbərindədir ki, proses 2015-ci ildə başlanıb. Ötən ilin dekabrında İstanbuldakı Sabiha Gökçen hava limanında terror aktı törədildi, limanın bir neçə əməkdaşı həlak oldu. 
Az sonra Suruçda partlayış oldu, 30 nəfər həlak oldu. Daha sonra Ankarada terror partlayışı törədildi, 100-dən artıq insan dünyalarını dəyişdilər. Yanvarın 12-də "canlı bomba" İstanbuldakı Sultanahmet meydanında özünü partlatdı, 10 nəfərin ölümünə səbəb oldu.

Sadalanan terror aktlarının "İraq və Şam İslam Dövləti" (İŞİD) tərəfindən törədildiyi deyilir.
Məsələn, Sultanahmet meydanında özünü partladan "canlı bomba" İŞİD mənsubu, 28 yaşlı suriyalı idi.
Lakin iş İŞİD-lə bitmir. Fevral ayında Ankarada, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının binalar kompleksinin yaxınlığında 28 nəfərin ölümünə, 60 nəfərin də yaralanmasına səbəb olmuş teraktı "Kürdüstanın Azadlıq Şahinləri" ("Teyrebazen Azadiya Kurdistan", TAK) törətmişdi. TAK kürdlərin terrorçu PKK təşkilatının tərkib hissəsidir.

Türkiyə ordusu və polisi ölkənin Suriya ilə sərhəd olan bir sıra bölgələrində, o cümlədən Diyarbəkir və Cizrədə antiterror əməliyyatları aparsalar da, TAK ilə bahəm, PKK aktivliyi səngitmək niyyətində deyillər. 
Qərbdən ciddi dəstək alan PKK, əksinə, daha da fəallaşıb və terror hücumlarını artıracağını bildirib.



İşə siyasət qarışdı

Atatürk hava limanı İstanbulun mərkəzindən 15 kilometr aralıdadır. Sərnişin axını həcminə görə dünyada 18-ci yeri tutan bu liman Avropada reyslərin təyinatının əsas yerləri baxımından ilk üçlükdədir. Yəni Atatürk limanı Avropanın 3 ən gur, hərəkətli, aktiv aeroportlarından biridir.

Və teraktın məhz bu limanda, özü də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın dövlət başçısı Vladimir Putinə məktub yollamasından iki gün sonra yaşanması ssenarinin diletantlar tərəfindən hazırlanmadığını göstərir.
Ərdoğan məktubunda Rusiya ilə münasibətlərdə 7 aydan bəri davam edən gərginliyin aradan qaldırılmasında maraqlı olduğunu yazmış, ötən ilin noyabrında Türkiyə Hərbi-Hava Qüvvələrinin qırıcılarının ölkə səmasında vurduqları, Rusiyaya məxsus Su-24 bombardmançısının həlak olmuş pilotu Oleq Peşkovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı vermiş, olaya görə təəssüfləndiyini vurğulamışdı.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin vurulmuş təyyarəyə görə təzminat ödəməyə hazır olduğunu da yazmışdı.
Məktub Rusiyada anlayışla qarşılanıb və bu, Moskva ilə Ankara arasındakı çox soyumuş münasibətlərin normallaşması istiqamətində ilk, amma olduqca əhəmiyyətli addım kimi qiymətləndirilir.


Daha doğrusu, münasibətlərin sadəcə, əvvəlki səviyyədə və miqyasda bərpasından yox, onların format edilərək yeni səviyyəyə yüksəldilməsindən söhbət gedir.

Siyasi təcrid cəhdləri ilə qarşılaşmış Türkiyə Rusiyanın şərtlərini nəzərə alaraq Suriya və İraqla bağlı mövqelərində də dəyişikliklər etməyə meylli ola biləcəyinə işarə vurur. Çünki Türkriyə ilə müqayisədə daha ağır siyasi və iqtisadi durumda olan Rusiya Qərbin sanksiyaları ilə üzləşib, sərt pressinqə məruz qalır və belə durumda Ankaranın dəstəyinə ehtiyac duyur. Ankara ilə Moskvanın mövqelərinin yaxınlaşması beynəlxalq arenada onların mövqelərini qarşılıqlı şəkildə yaxınlaşdırır.
Fəqət, bütün bunlar heç bir halda Yaxın Şərqdəki situasiyada köklü dəyişikliklər edə bilməz.
Həm Türkiyə, həm də Rusiya üçün daha münasib variant münasibətlərin əvvəlki həcminin və formasının bərpası yox, onların dəyişdirilməsi, inkişafıdır. Hər şey iqtisadi layihələr, ticarət, investisiya ilə ölçülmür - əməkdaşlığın belə variantı geosiyasi çağırışlar qarşısında duruş gətirmədiyini göstərdi. 

Türkiyə və Rusiya normal əlaqələrə nail olmaq istəyirlərsə, Suriya, İraq, Cənubi Qafqazdakı maraqlarını uyğunlaşdırmalı, bütün regionlar üzrə siyasətin qarşıdurmaya dönməməsinə çalışmalı, münasibətlərin bərpasını uğursuzluqdan qorumalıdır.
İstanbulda, Atatürk hava limanındakı teraktın sifarişçilərinin başlıca məqsədi də Türkiyənin problemlərinin sayının daha da artırılması, ağırlaşdırılmasıdır.



Türkiyə iqtisadiyyatının gəlir qisminin əhəmiyyətli hissəsini turizm sektorundan əldə olunan vəsait təşkil edir.
Hava limanındakı terakt da Türkiyəyə yönələn turistləri qorxutmaq, onları fikrindən daşındırmaq, ölkəni "hər an partlayışların ola biləcəyi məkan" kimi tanıtmaqdır.
Rusiya ilə münasibətlərin normallaşacağı təqdirdə rusiyalı turistlərin Türkiyəyə axınının bərpa olacağı əsla şübhə doğurmadığından, İstanbuldakı terakt həm də bilavasitə buna mane olmaq niyyəti daşıyan olay kimi dəyərləndirilə bilər.
Teraktın birmənalı olaraq Rusiya-Türkiyə münasibətlərinin normallaşmasına qarşı yönəldiyini əminliklə deyə bilməsək də, bu ehtimal xeyli güclüdür.

Belədirsə, teraktın arxasında İŞİD dursa da, sifarişçilərin fərqli olduğunu da iddia etmək mümkündür.

"Asan hədəf"in vurulması

Atatürk hava limanındakı terror aktı təhlükəsizlik ekspertlərinin "asan hədəfə zərbə" adlandırdıqları ssenaridir.
Terrorçular kütləvi qətllər və qanlı partlayışlar törətmək üçün kütlənin çox olduğu yerlərə yönəlir, özlərini "sıradan biri" kimi göstərməyə çalışırlar.
Terror qruplaşmalarının hava limanlarını da "asan hədəf" saymalarının başlıca səbəbi kiçik qrup halındakı terrorçuların böyük insan tələfatı ilə sonuclana biləcək irimiqyaslı dağıntılara nisbətən "rahat" nail ola bilmələridir.

"Asan hədəf"lər arasında hava limanları ilə yanaşı, qatarlar, avtobuslar, məktəblər, xəstəxanalar, metro, restoranlar, ticarət mərkəzləri - bir sözlə, insanların gur olduqları yerlər də daxildir.
Dünyanın istənilən ölkəsində, hətta təhlükəsizliyin təminatı və mühafizə tədbirlərinin maksimuma çatdırıldığı İsraildə belə, belə məkanları ekspertlər terror hücumları üçün "açıq" bilirlər.

ABŞ-ın tanınmış antiterror ekspertlərindən biri Con Pistolun fikrincə, əgər "canlı bomba" olmaq fikrinə düşən, özünü parlatmaq fikrində qətiyyətli terrorçu qarşısına hədəf qoyubsa, belə adama mane olmaq həddən ziyadə çətindir. 
Məhz bu səbəbdən terrorçuların qarşısını almaq asan deyil. Onlar eyni ssenari ilə hərəkət edirlər və həmin ssenari də hər dəfə fəlakətli sonuclar verir.

Parisdə futbol stadionu, restoranlar və gecə klublarındakı bir neçə teraktda 130 nəfər həlak oldu. Stadionun təhlükəsizlik xidməti "canlı bomba"nı saxlamasaydı, daha çox adam ölə bilərdi. 
Dekabr ayında ABŞ-ın Kalifoniya ştatındakı San-Bernardino şəhərindəki ictimai mərkəzə girən ərlə arvad gülləbaran törətdilər, 14 nəfəri öldürdülər, 21 nəfəri yaraladılar.

Martda Brüsselin beynəlxalq hava limanında və metro stansiyasındakı qanlı teraktlarda 32 nəfər həlak oldu, 200-dən artıq insan yaralandı. "Canlı bomba" olan qardaşlar hava limanında asudə hərəkət ediblər.
İki həftə əvvəl ABŞ-ın Orlando şəhərindəki "Pulse" gecə barına girən 29 yaşlı Ömər Mətin qarşısına çıxan hər kəsə atəş açdı, 49 nəfəri şətlə yetirdi, onlarla insanı yaraladı.



Binanı və ya hansısa tikilini partlatmaq ayrı, "asan hədəf"i vurmaq ayrı.
Həftəsonu insanların yığışdıqları, şam etdikləri restorana girərək hamını güllələmək terrorçu üçün çətin deyil. "Canlı bomba" konsert zalına yönələrək məşum planını da gerçəkləşdirə bilər. 

Onların məqsədi nədir?

Atatürk hava limanı təki məkanları "asan hədəf" seçərək gülləbaran və partlayışları törədən terrorçuları bu "iş"ə yollayan müəlliflər belə yerlərin seçimində "təsadüf amili"nin ön plana çəkilməsini, insanlarda qorxunun, təlaşın, təşvişin yaranmasını istəyirlər.
Onlar istəyirlər ki, hamımız hətta hava limanı təki ciddi qorunan, təhlükəsizlik tədbirlərinin çox yüksək olduğu yerlərdə özümüzü təhlükəsizlikdə hiss etməyək, daim qorxaq, xoflanaq. 

Daim, sürəkli olaraq terror təhlükəsində yaşadığımızı bizə əxz etdirmək istəyən sifarişçilər bu minvalla yaşam tərzimizi, mövqelərimizi, dünyagörüşümüzü dəyişmək istəyirlər.
Hava limanlarında təhlükəsizlik tədbirləri maksimuma çatdırılarsa belə, hər addımbaşı polislər və hərbçilər dursa da, hətta davranış psixologiyası üzrə ekspertlər limanın giriş-çıxışında insanları diqqətlə süzsələr də, terror aktları ehtimalını birmənalı şəkildə yox etmək, əfsuslar olsun, mümkün deyil.

Nə etməli?

Terrorçular "asan hədəf" qismində seçdikləri obyektin mühafizəsinin güclü olmadığını görəndə hərəkətə keçirlər. Bunun üçün "asan hədəf"lərdə kritik mühüm zaman intervalları, kritik əhəmiyyət kəsb edən ərazilər müəyyənləşdirilərək onların mühafizəsi daha da gücləndirilməlidir.

Bununla yanaşı, belə obyektlərdə polislərin və mühafizəçilərin davranışı, onların növbələrinin dəyişməsini müşahidə edənlər, təhlükə siqnallarından bilərəkdən yanlış istifadə edərək sistemi yoxlayanlar aşkarlanmalıdır.
Sərnişinlər və müştərilər isə şübhəli davranan şəxsi görən kimi polisə xəbər verməlidirlər.
Ştamp, klişe təsiri bağışlaya bilər.
Ancaq belədir.

Elçin Alıoğlu

Milli.Az