İstanbuldakı Atatürk hava limanındakı qanlı terror aktından sonra Türkiyənin Rabitə və İnformasiya Texnologiyaları İdarəsi sosial şəbəkələrdə teraktla bağlı yasaqlanmış materialların, xüsusilə də fotoların yayılmasını xüsusi nəzarətə aldığını bəyan edib.

Unikal.org DHA-ya istinadən bildirir ki, idarədən verilən məlumata görə, teraktla bağlı yasaq materialları sosial şəbəkələrdə paylananlar mövcud qanunvericiliyə uyğun olaraq cəzalandırılacaqlar.

"Terror aktından sonra partlayış anı və zərərçəkənlərlə bağlı məlumatların yer aldığı materiallar sosial şəbəkələrdə paylaşılır. Hesab edirik ki, bilərəkdən və ya düşünülməmiş belə paylaşmalar terror hücumunun maraqlarına xidmət edir.

Vətəndaşların internetdə və sosial şəbəkələrdə belə materialların yayılması ilə bağlı həssaslıq nümayiş etdirəcəklərinə ümid edirik. Bir daha xatırladırıq ki, sosial mediada belə materialları yayanlar hüquqi məsuliyyət daşıyırlar", - açıqlamada deyilir.