Atatürk aeroportundakı terror hadisəsinin Türkiyənin İsrail və Rusiya ilə münasibətlərini bərpa etməsinə görə törədildiyini düşünmürəm. 
 
Unikal.org bildirir ki, bu fikri Azadinform-a açıqlamasında beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut deyib. O qeyd edib ki, Türkiyədə terror aktı ilk dəfə baş vermir: "Yarım il ərzində terror nəticəsində Türkiyədə  200 insan həyatını itirdi, 500 insan isə yaralandı. Hesab edirəm ki, bu faktorlar Türkiyədə Suriya qaçqınlarının olması ilə bağlıdır".
Ekspert hesab edir ki, baxmayaraq ki, Atatürk aeroportunun təhlükəsizliyi yüksək səviyyədədir, xüsusilə aeroportda təhlükəsizlik tədbirləri gücləndirilməlidir: "Bu  faktdır ki, Türkiyədə Suriyadan gələn qaçqınlar ordusu böyükdür. Məndə olan məlumata görə, onların sayı 2 milyondur. Buraya qaçqınlarla bərabər İŞİD-in terrorçuları da gəlir. Terrorçular hər məqamdan istifadə edir. 6 ay ərzində Türkiyədə nə qədər terror aktı törədildi?" 
A.Qutun fikrincə, Türkiyə və həmçinin dünya ictimaiyyəti İŞİD-lə mübarizəni gücləndirməlidir. 
Ekspert əlavə edib ki, İsraillə Türkiyə münasibətlərinin bərpası 2 dövlətin terrorizmə qarşı mübarizəsini gücləndirə bilər: "Bu siyasi dialoqun səviyyəsindən asılıdır. Nə qədər siyasi  dialoq yüksək səviyyədə olsa, İsrail Türkiyəyə terrorizmə qarşı mübarizədə kömək etməyə hazır olacaq. Dövlətlərarası  əlaqələrin normallaşması bu sahədə çalışmağa təkan olacaq. İsrail terrozimə qarşı mübarizədə çox böyük yardımlar edə bilər". 
Ekspert vurğulayıb ki, vaxtilə 2 dövlət arasında terrorizmə qarşı mübarizə çox yüksək səviyyədə olub.
Sonda ekspert  bildirib: "Mən İsrail xalqı və İsraildə yaşayan Azərbaycan kökənli insanlar adından terror aktı nəticəsində həlak olan bütün şəxslərin yaxınlarına, Türkiyə hökümətinə və türk millətinə baş sağlığı verirəm. Başın sağ olsun, Türkiyə".