Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.

Unikal.org xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma müəssisənin fəaliyyəti barədə məlumat verildi.

Prezident İlham Əliyev zavodu işə saldı.

Məlumat verildi ki, müəssisədə süni mərmər, keramoqranit - yəni, yer və divar üzlükləri, metlax və quru inşaat qarışıqları istehsal ediləcək. Hazırda burada illik istehsal gücü 40 min ton astar və 20 min ton üzlük olan tikinti materialları istehsalı zavodu tikilib və avadanlıqları quraşdırılıb. Məhsulların hazırlanmasında istifadə olunan xammal Daşkəsən, Şəmkir, Ağstafa və Qaradağ rayonlarından gətirilir. Müəssisənin illik istehsal gücü - 3 milyon kvadratmetr olacaq. Burada hazırlanan məsulların Rusiya Federasiyasına, Gürcüstana və Orta Asiya respublikalarına satışı nəzərdə tutulur. Zavodda 300-dən çox yeni iş yeri yaradılıb.

Zavodun direktoru Anar Məmmədov bildirdi ki, müəssisənin ümumi dəyəri 68 milyon manatdır. Onun 10 milyon manatı güzəştli kreditdir. Ümumi dəyəri 32 milyon manat olan investisiya təşviqi sənədi alınmış və 6 milyon manat vəsaitə qənaət olunub.

Qeyd edək ki, ölkəmizin hər yerində olduğu kimi, Gəncədə də sahibkarlığa ümumi iqtisadi inkişafın mühüm subyekti kimi baxılır. 2004-cü ildən bəri Sahibkarlığın İnkişafı Fondu tərəfindən Gəncədə 498 sahibkara 51,2 milyon manat kredit verilib. Bu da şəhərdə yeni istehsal müəssisələrinin yaradılmasına şərait yaradıb.