İqtisadiyyat Nazirliyində Azərbaycan iqtisadiyyatında yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinq keçirilib.

Unikal.org xəbər verir ki, mətbuat nümayəndələrinin iştirakı ilə keçirilmiş brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin və yaranmış yeni çağırışların milli iqtisadiyyata təsirləri barədə məlumat verib.

İqtisadiyyat naziri artıq 129 mindən çox sahibkara maliyyə dəstəyi göstərildiyini, bu proqramların işçi heyəti ilə birlikdə 310 mindən artıq vətəndaşı əhatə etdiyini bildirib. Aktiv vergi ödəyicilərinin əksəriyyəti dövlətdən dəstək alıb və indiyədək 155 milyon manatdan çox maliyyə vəsaiti sahibkarların bank hesablarına köçürülüb.

Biznesə vergi güzəştləri paketi barədə məlumat verən İqtisadiyyat naziri qeyd edib ki, qəbul edilmiş vergi və sosial güzəştlər paketinin ümumi maliyyə dəyəri 130 milyon manatdır. Güzəştlər pandemiyanın təsirinə məruz qalan mikro, kiçik və orta sahibkarlıq subyektlərini, bəzi dəyişikliklər isə bütövlükdə hər bir vergi ödəyicisini əhatə edir. Bu güzəştlər paketi, ortamüddətli dövr üçün sahibkarların vergi və sosial yükün azaldılmasına səbəb olacaq, onlara öz gəlirlərini bərpa etməyə və biznesini inkişaf etdirməyə, bütünlükdə özəl sektorun genişlənməsinə zəmin yaradacaq.

Mikayıl Cabbarov sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirmə alətlərinin genişləndirildiyini diqqətə çatdırıb. Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 mlrd manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60%-nə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılır.