"Lisenziyası geri alınan "NBC Bank"dakı blok olunmuş əmanətlər ilə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq həmin vəsaitlərin əmanətçilərə qaytarılması üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən hüquqi proseduraların sürətləndirilməsi məqsədəuyğun olardı".
Unikal.org xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, Mərkəzi Bank 2020-ci il yanvarın 27-dən etibarən "NBC Bank"a əmanət qəbulunu qadağan edib: "Amma Mərkəzi Bank cəmiyyətdə həmin banka olan inamı azaltmamaq üçün bu barədə o zaman xüsusi açıqlama verməyib. Bununla belə, bank rəhbərliyi qadağaya baxmayaraq əmanət qəbul etməkdə davam edib. Nəticədə bank müflis olandan sonra həmin əmanətlər “bloka alınıb.
Birmənalı şəkildə, burada heç bir əmanətçinin günahı yoxdur, əksinə bu problem bankların idarəedilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı məsələni bir daha da aktuallaşdırır. Rusiyada olduğu kimi bizdə də bank rəhbərləri üçün məsuliyyətin artırılmasına ehtiyac var. Bütövlükdə, Əmanətlərin Sığortalanması Fondunun mövqeyi təqdirəlayiqdir və blok olunmuş əmanətlərin bu məsələdə heç bir günahı olmayan vətəndaşlara daha qısa zamanda qaytarılmasına nail olunmasına ehtiyac var".