Çexiyanın paytaxtı Praqa şəhərinin mərkəzi körpülərindən birində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış iri poster asılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Unikal.org-a verilən xəbərə görə, bu aksiya Çexiyada yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə gerçəkləşdirilib.
Çex dilində yazılmış posteri Çexiyanın Prezident Sarayına, ölkənin Baş nazirinin iqamətgahına və Nazirlər Kabinetinin inzibati binasına aparan yolun üzərindəki körpüdə yerləşdirilib. Məqsəd ölkənin dövlət xadimlərinin və yerli ictimaiyyətin diqqətini müstəqil Azərbaycan dövlətinin əzəli torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonun hələ də Ermənistanın işğalı altında qaldığına, BMT-nin məlum 4 qətnaməsinə baxmayaraq, hələ də Azərbaycanın ərazi bütövlüyünün təmin olunmadığına cəlb etməkdir.
Qeyd edək ki, sabah Praqada soydaşlarımız Ermənistanın işğalçı siyasətinə və hərbi təxribatlarına son qoyulması, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütovlüyünün təmin olunması tələbilə etiraz aksiyası keçirəcək. Aksiya zamanı dövlətimizə, xalqımıza, ordumuza və xarici ölkələrdə Ermənistanın təcavüzkar siyasətinə etiraz səsini ucaldan dünya azərbaycanlılarına dəstək ifadə olunacaq.