“Artıq üç aydır ki, ev şəraitində müalicə olunuram. Üstəlik yaş da var, 77 ilin əzab-əziyyətləri yavaş-yavaş özünü göstərir”.
Bu sözləri Unikal.org-a açıqlamasında xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Aktyor və rejissor gənclik illərində keçirdiyi mədə əməliyyatlarının mənfi təsirlərini son zamanlar daha çox hiss etdiyindən şikayətlənib:
“Qocalığı yola verirəm, üstəlik də xəstəlik, nasazlığım var. Mən gəncliyimdə mədəmlə bağlı 3-4 dəfə ağır cərrahiyyə əməliyyatı keçirmişəm. Cavan, enerjili vaxtlarımda bir o qədər də özünü büruzə vermirdi, indi oturaq vəziyyətdə hər xırda detal köhnə xəstəliklərimi üzə çıxarır.
4-5 gün bundan qabaq Şamaxıda idim. Alim Qasımovla bağlı verilişlərin birində yadımdan çıxdı ki, qoca kişiyəm, dostlarla birgə bulaq başına getdim. Orada özümü soyuğa vermişəm, indi də köhnə xəstəliklərim bir-bir üzə çıxır. Ev şəraitində müalicə olunuram, xəstəxanalıq vəziyyət deyil. Çünki məndə nə təzyiq var, nə də hərarət, şükür sağalmağa doğru gedirəm”.
Dürrə Həsənova