“ABŞ hökumətinin İran neftini daşıyan dörd tankeri ələ keçirdikləri barədə iddiaları yalandır və rüsvayçı məğlubiyyətlərini ört-basdır etmək məqsədilə uydurulub”.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri jurnalistlər qarşısında çıxış edən İran Prezidenti Həsən Ruhani bildirib.
İran prezidenti qeyd edib ki, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın təqdim etdiyi anti-İran qətnamə layihəsinin geri qaytarılmasından sonra Birləşmiş Ştatlar tərəfi rüsvay olub və beynəlxalq sularda İran nefti daşıyan tankeri ələ keçirdikləri barədə növbəti yalan uydurublar.
H.Ruhani vurğulayıb ki, ABŞ-ın iddiaları həqiqətə uyğun deyil.
“Tankerlər İrana məxsus deyil və İran bayrağı altında üzməyiblər”, - H.Ruhani söyləyib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında İrana qarşı silah embarqosunun uzadılmasına dair ABŞ-ın təqdim etdiyi qətnamə layihəsi 11 bitərəf olmaqla iki səs lehinə, iki səs də əleyhinə olmaqla qəbul olunmayıb.
Bu hadisədən bir neçə gün sonra ABŞ tərəfi İrandan Venesuelaya yanacaq daşıyan dörd tankerin yüklərini müsadirə etdiyi barədə xəbər yaymışdı.