Belarusun Slovakiyadakı səfiri İqor Leşenya ölkədə kütləvi etirazların fonunda istefa verib. 

Unikal.org xəbər verir ki, bu barədə o “TUT.BY” nəşrinə bildirib.

Onun sözlərinə görə, bəyanatında göstərdiyi vətəndaş mövqeyini  Belarus XİN “həddini aşmaq” kimi dəyərləndirib.

“Mən istefa vermişəm. Bu məntiqli addımdır. Çünki səfir kimi mən cari prezident tərəfindən təyin olunmuşam və onun siyasətini yürütməliyəm”, - deyə Leşenya bildirib.

Belarus XİN-də isə qeyd edilib ki, istefa barəsində qərar dövlət başçısı Aleksandr Lukaşenko tərəfindən verilməlidir.

Xatırladaq ki, avqustun 16-da Belarusun Slovakiyadakı səfiri, prezidentin sabiq köməkçisi İqor Leşenya prezident seçkilərindən sonra dinc etiraz aksiyaları keçirən vətəndaşları dəstəkləyən ilk siyasətçi oldu.

“Bütün belaruslar kimi mən də həmvətənlərimin işgəncələrə uğraması və döyülmələrilə bağlı yazılanlardan şok oldum”, - deyə diplomat bildirmişdi.

Leşenya qeyd etmişdi ki, səslərinin eşidilmələri üçün Belarus şəhərlərinə dinc aksiyalarla çıxanlarla həmrəydir.