Çempionlar Liqasındakı (ÇL) uğurlu çıxış “Bavariya”nın büdcəsini zənginləşdirəcək.
Unikal.org-un məlumatına görə, turnirdə finala yüksələn Bundesliqa çempionu 120 milyon avroluq gəlir əldə edəcək.
Bu isə ÇL tarixinin ən yüksək məbləğdə qazancıdır. Almanların finala qədər gedən yolda qazancı aşağıdakı komponentlərdən ibarətdir: qrupa düşmək üçün 15,25 milyon avro, qrupda 6 qələbə üçün 16,2 milyon, 1/8 finala çıxmaq üçün 9,5 milyon, 1/4 finala çıxmaq üçün 10,5 milyon, finala yüksəlmək üçün isə 15 milyon avro. Hans-Diter Flikin kollektivi turnirin qalibi olarsa, daha 4 milyon avro, həmçinin UEFA Super Kubokuna vəsiqəyə görə 3,5 milyon avro qazanacaq. Klub eyni zamanda televiziya yayım hüquqlarından 11,5 milyon və son 10 ildə Çempionlar Liqası reytinqində 3-cü yerdə qərarlaşdığına görə 33,24 milyon avro alacaq.
Buna qədər gəlir rekordu “Barselona”ya məxsus idi. İspaniya təmsilçisi 2019-cu ildə 117,73 milyon avro qazanc götürüb.
Qeyd edək ki, “Bavariya” ilə PSJ arasında Çempionlar Liqasının final matçı avqustun 23-də Lissabonda keçiriləcək.