"Son zamanlar Rusiyadan Ermənistana hərbi silah-sursatın verilməsi ilə ermənilərin növbəti təxribatlarını gözləmək olar. Artıq payızda döyüşlərin şahidi ola bilərik".
Bunu Unikal.org-a açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
O qeyd edib ki, beynəlxalq təşkilatlar ermənilərin Livandan işğal edilmiş Azərbaycan torpaqlarına köçürülməsinə münasibət bildirməlidirlər:
"Son günlər Ermənistan tərəfindən növbəti təxribatlar həyata keçirilir. Beyrutdakı partlayışdan sonra erməni əsilli ailələrin Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində məskunlaşması siyasəti həyata keçirilir. Bu, birinci hal deyil. Çünki əvvəllər də Suriyadan bu cür ailələr işğal olunmuş ərazilərimizə köçürülürdü. Əslində, ermənilər məskunlaşma siyasətini aparmaqla terrorçu qruplaşmaları yaradır. Bununla da onlar gələcəkdə ölkəmizə qarşı növbəti təxribat dalğasını həyata keçirmək istəyirlər.
Təəssüf ki, ATƏT-in Minsk qrupu 25 ildir ki, bu faktlara qarşı tədbir görmür. Bundan başqa insan haqlarını qoruyan "Humans Rights", “Freedom House” kimi beynəlxalq təşkilatlar da bu günə qədər hər hansı bir reaksiya verməyib. Heç bir ölkə həmin əraziləri Ermənistan torpağı kimi tanımayıb, əksinə dünya birliyi bu torpaqların Azərbaycan ərazisi olduğunu qeyd ediblər. Bu gün Ermənistan rəhbərliyi nəinki məskunlaşma və terrorizm siyasəti aparır, eyni zamanda bir cinayət edirlər. Bəzi ölkələrə bundan da kiçik məsələlərə görə sanksiyalar tətbiq olunduğu halda, təəssüf ki, beynəlxalq təşkilatlar ermənilərin bu əməllərinə susurlar. Ermənistanın nəyə görə belə etdiyinə nəzər salsaq, görərik ki, könüllülər qrupunun yaradılması bunun tərkib hissəsidir. Bu gün Ermənistan üçüncü dövlətlərdən silah-sursat almaqla məşğuldur. Ermənistanın iqtisadi durumu silah almağa imkan verməsə də, bəzi ölkələr onu silahlandırmaqla məşğuldur. Bu da Azərbaycana qarşı növbəti təxribat xarakteri daşıyır.
Tovuz rayonundakı təxribatlar, Ermənistanın diversiya qruplarının ərazilərimizə keçmək cəhdləri, son zamanlar tez-tez atəşkəsin pozulması, Rusiyanın Ermənistanı silahlandırması, Qondarma rejimin Gəncəni vuracağı ilə təhdid etməsi danışıqlar prosesinə zərbə vurur. Bununla da görürük ki, növbəti təxribat dalğası gözlənilir. Azərbaycan ordusu çox hazırlıqlı, müasir silahlara sahibdir ki, bu da Ermənistan ordusundan qat-qat güclü olduğumuzu deməyə əsas verir. Vacib amil xalqımızın Azərbaycan ordusunun arxasında və Ali Baş Komandanımızın yanında olmasıdır. Belə olduqda, heç bir təhdiddən çəkinməməli və ayıq-sayıq olmalıyıq. Proseslərin gedişatı onu göstərir ki, yaxın günlərdə Ermənistanın növbəti təxribatı gözlənilir. Bu təxribatlardan sonra geniş miqyaslı döyüşlər həyata keçiriləcək. Mən ATƏT-in Minsk qrupuna və digər ölkələrə çağırış edirəm ki, Ermənistanın bu addımlarına görə sanksiya tətbiq etsinlər."
Famil Fərhadoğlu