Xəbər verdiyimiz kimi, 2020-ci il 14 noyabr tarixində saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşmüşlər.

ANAMA-nın Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, partlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olmuş, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti almışdır.

Qeyd olunan mülki vətəndaşların təxliyyə olunması üçün Agentliyin minaaxtaranları həmin əraziyə cəlb olunmuşdur. Təxliyyə əməliyyatı zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxarılmış, Əhmədov Yasin Ələsgər oğlunun təxliyəsi zamanı isə Agentliyin minaaxtaranı 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu öz xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşmüş, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunmuş və çox saylı qəlpə yarası almışdır.

Hal-hazırda Xudiyev Asəf Mürsəl oğlu Füzuli rayon Diaqnostika Mərkəzində dərhal cərrahiyyə əməliyyatına alınmış, vəziyyəti stabil ağırdır.

Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə mülki şəxslərin girişi qəti qadağandır.

*** 20:51

Xəbər verildiyi kimi, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni metodlardan istifadə edib dinc sakinlərimizə qarşı cinayət əməllərini davam etdirir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, bu gün saat 19 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Füzuli rayonuna ezam olunmuş Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı, 1979-cu il təvəllüdlü Xudiyev Asif Mürsəl oğlu minaya düşməsi nəticəsində “sol ayağın topuqdan aşağı ətrafının travmatik amputasiyası” xəsarəti alıb.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə dərhal baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.