"Beləliklə, biz ümid edirik ki, italyan şirkətləri bizim ərazilərimizin bərpası ilə bağlı layihələrdə çox fəal olacaqlar. Sizə deyə bilərəm ki, artıq bərpa işləri və tikinti işləri ilə bağlı bir neçə italyan şirkəti dəvət olunub. Əminəm ki, onların sayı daha da artacaq. Çünki mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Yaxşı ingilis deyimi var: yaxşı dost dar gündə tanınar. Bu çətin anda siz dostlarınızın həqiqətən kimin olduğunu anlayırsınız. Bu, çox vacib və dəyərli bir məsələdir".
Unikal.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən deyib.
"Planlarımız haqqında sizə bir məsələni də qeyd etmək istəyirəm. Əminəm ki, siz bu barədə bilirsiniz. Lakin bu istiqamətdə işlər gedir. Bu məsələ Bakıda İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi ilə bağlıdır. Biz artıq yer ayırmışıq. Artıq universitetin yaradılması ilə bağlı məsələ üzərində işlər başlayıb. Bu məsələ, həmçinin hökumət səviyyəsində razılaşdırılmışdır. Ümid edirəm ki, gərgin çalışsaq bu il biz bu işə başlaya bilərik. Çünki bu, bizim dostluğumuzun yaxşı göstəricisi olacaq və eyni zamanda, biz bu müəssisələri, bu sənaye sahələrini idarə edə bilək deyə bizim iqtisadiyyatın gələcək üçün tələb etdiyi ixtisaslar üzrə gənc azərbaycanlıların hazırlanması və təlim keçməsi məsələsində də çox önəmlidir. Bu, həmçinin ölkələrimiz arasında sıx dostluq əlaqələrinin güclənməsinə də kömək edəcək. Sizə uğurlar arzulayıram və sizi Bakıda görməyə şadam. Ümid edirəm ki, növbəti dəfə biz videokonfrans vasitəsilə yox, üzbəüz görüşəcəyik", dövlət başçısı bildirib.