“Ağdamda işğalçılar hər şeyi, o cümlədən teatrı, nadir Çörək Muzeyini, məktəbləri, xəstəxanaları dağıdıb yerlə yeksan ediblər. Yalnız şəhər məscidi salamat qalıb, çünki hündür minarələr artilleriya və təyyarə hücumları zamanı nişan almaq üçün əlverişlidir. Məscid binasında mal-qara, donuz saxlayırdılar”.
Unikal.org xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundovun Rusiyanın “Komsomolskaya Pravda” qəzetindəki məqaləsində yer alır.
“Şuşada böyük şairimiz, Qarabağ xanının vəziri Vaqifin məqbərəsi dağıdılıb. O vaxt İkinci Yekaterinanın səfiri ilə Vaqif danışıqlar aparıb. Amma bütün bunlara baxmayaraq, Azərbaycanda iki xalq arasında sülhə alternativ olmadığına şübhə etmirlər. Hamımız, azərbaycanlılar da, ermənilər də, üçüncü ölkələrin də nümayəndələri bu nifrət və dözümsüzlük carçılarının öz xalqlarına qarşı nə qədər ağır cinayət işlədiklərini çoxdan dərk etməliyik”, - müəllif qeyd edir.
“SSRİ-də, yaxud Rusiyada 1992-ci ilədək nəşr olunmuş xəritələrin heç birində “Şuşi” adı tapa bilməzsiniz. O şəhərin adı Şuşadır. “Şuşi” adı isə Ermənistan tərəfindən işğal olunandan sonra süni şəkildə qondarılıb. Eynilə Füzulini “Vərəndə”yə, Laçını “Berdzor”a, Zabux kəndini “Ağavno”ya və s. döndərdikləri kimi. Dəqiqləşdirməli olan başqa bir məsələ bu fikirlərdə ifadə olunub: “Müharibənin daha bir mənfi nəticəsi... Ermənistanın Sunik vilayətidir. Baş nazir Nikol Paşinyan Ermənistanın beynəlxalq miqyasda tanınan sərhədlərindən bir millimetr də kənara çıxmadıqlarını bildirsə də, vilayətin bəzi kəndlərində peyda olan azərbaycanlılar GPS-i əsas göstərərək həmin yerlərin öz əraziləri olduğunu deyirlər”. Bəli, həmin bölgədə sərhədlərin dəqiqləşdirilməsi işləri görülür, bunu xatırlatmalıyam. Bu zaman SSRİ dövrünün xəritələri və GPS göstəriciləri əsas götürülür. Həm də bu işlərdə Rusiya nümayəndələri “moderatorluq” edib və edirlər. Amma burada başqa bir xoşagəlməz məqam da var. Hələ 1992-1993-cü illərdə Azərbaycanın Sunik vilayətilə qonşu olan rayonları Ermənistan tərəfindən işğal olundu, yəni sərhədi zor gücü ilə Azərbaycan ərazisinə doğru yüz kilometrdən çox irəli köçürtdülər. Jurnalistin söhbət etdiyi sakinlər də azərbaycanlıların qovulduğu “özgə” evlərə köçdüklərini, özgə ərazidə ev tikdiklərini, yol çəkdiklərini, bağ-bostan saldıqlarını, bütün bunların qanunla kimə məxsus olmasını isə çox da düşünüb-daşınmadıqlarını etiraf ediblər. İndi də bu torpaqlar hərbi-siyasi yolla azad ediləndən sonra sərhədi müəyyənləşdirmək vaxtı gəldi. Bəli, ağır və zəhlətökən işdir, amma ölkəmizin beynəlxalq miqyasda tanınmış sərhədlərini bərpa etməyin başqa yolu yoxdur. Bu sərhədin hər iki tərəfində olan hamımız başa düşməliyik: sülhməramlıların burada olması sırf müvəqqəti tədbirdir. Biz isə qonşuluqda yaşamağı, bir-birimizə düşmən gözü ilə baxmamağı öyrənməliyik. Ən əsası da bu qıcıqlandırıcı ifadə tərzini kənara qoyub yaradıcı üslubu mənimsəməliyik”, - F.Axundov yazıb.
Məqalədə Azərbaycanlılarla ermənilərin əsrlərlə yanaşı yaşadıqları, bundan sonra da həm Azərbaycanda və Ermənistanda, həm də qonşu ölkələr - Gürcüstanda, İranda, Türkiyədə və Rusiyada yanaşı yaşayacaqları vurğulanır: “Bu iki xalqın uzlaşmazlığı barədə danışanlar qoy hələ də qurulmağa davam edən saysız-hesabsız qarışıq ailələrə diqqət yetirsinlər”.