İdman mütəxəssisləri Azərbaycan Ağır Atletika Federasiyasında etirazlara başlayıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, onların etiraz etməsinə səbəb  federasiyada hesabat-seçki konfransının keçirilməməsidir.

Federasiyanın Nizamnaməsinə uyğun olaraq 4 il müddətinə seçilən AAAF-ın rəhbər  orqanlarının səlahiyyətləri 2020-ci ildə bitib.  Nizamnaməyə əsasən federasiyanın rəhbəri, vitse-prezident və baş katibi yenidən seçilməlidir. 

Eyni zamanda 2021-ci ilin mart ayında İstanbulda Beynəlxalq Ağır Atletika federasiyasının hesabat-seçki konfransı keçiriləcək. Artıq quruma daxil olan dövlətlərin hər biri ağır atletika federasiyası seçkisini keçirib və beynəlxalq konfransda iştirak etmək hüququ qazanıb.

Ancaq AAAF seçki keçirmədiyi üçün  bundan məhrum ola bilər. 

Bununla bağlı idman mütəxəssisləri Gənclər və  İdman Nazirliyinə, eləcə də federasiya rəhbərliyinə  məktub ünvanlasalar da, cavab ala bilməyiblər. 

Qeyd edək ki, Azərbaycan Ağır Atletika Federasiyasının rəhbəri Cahangir Əsgərov olsa da, qurumun  vitse-prezidenti Tofiq Heydərovdur.

***

AAAF-dan Unikal.org-a bildirilib ki, hesabat-seçki konfransı pandemiya üzündən təxirə salınıb:

"Müraciət məktubu ilə indi tanış olduq.

Bunu da normal qarşılayırıq. Nizamnaməyə uyğun olaraq, Olimpiya tsikli başa çatandan sonra hesabat-seçki konfransının keçirilməsi labüddür.

Lakin, dünyada tüğyan edən koronavirus pandemiyası şəraitində müxtəlif ölkələrdə müxtəlif izolyasiya qərarları qəbul edilir və kütləvi toplaşma məsələlərində çətinliklər var. Bu baxımdan ölkəmizdəki vəziyyət də konfransın tam formada təşkilinə imkan vermir. Çünki bu mərasimin özünün xüsusi prosedur qaydaları var və onların yerinə yetirilməsi lazımdır.

Hesabat-seçki konfransının Tokio 2020 Yay Olimpiya Oyunlrından sonra keçirilməsi nəzərdə tutulub.

Əlavə olaraq qeyd edək ki, Tofiq Heydərov uzun müddətdir ki, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti deyil. O, 2020-ci ilin yanvar ayından etibarən postundan ayrılıb".

Aygün İlqarqızı