Su idman növləri üzrə Avropa çempionatı davam edir.

Unikal.org-un məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan yarışda Azərbaycan yığmasının daha iki üzvü mübarizəyə başlayıb.

Təmsilçilərimiz kişilərin batterflyay üsulu ilə 200 metr məsafəyə üzmə yarışında start xəttinə çıxıblar. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Maksim Şemberevlə Ramin Vəlizadə təsnifat mərhələsində müxtəlif qruplarda yer alıb.

2-ci “onluq”da çıxış edən Maksim 8-ci yerlə kifayətlənib. O, finişə 1 dəqiqə 59,76 saniyəyə çatıb.

Sonuncu qrupda yarışan Ramil isə elə son sıranı tutub. 10-cu olan üzgüçümüz məsafəni 2 dəqiqə 4,80 saniyəyə qət edib.

Yekun nəticədə Maksim 36 iştirakçı arasında 28-ci olubsa, Ramil 33-cü sırada qərarlaşıb. Hər iki təmsilçimiz yarımfinala vəsiqə qazana bilməyib.